Media dəsti nədir?

Azerbaijani Future Ninjas
4 min readMay 23, 2021

--

Salam, marketinq sevərlər! Bu gün sizə biznesiniz üçün lazım olan, sadə, ancaq bir o qədər də effektiv vasitə haqqında danışacağam: media dəsti

Media dəsti nədir və ona niyə ehtiyacınız olsun?

Media dəsti (və ya mətbuat dəsti) məhsulunuz, işiniz və ya tədbiriniz haqqında bütün lazımi məlumatları özündə cəmləşdirən sənəddir.

Daha çox jurnalistlər sizinlə birbaşa əlaqə qurmadan işiniz barədə bir məqalə yazmaq üçün istifadə edirlər.

Məhsullarını və ya xidmətlərini reklam etmək üçün bir platforma axtaran influencer və ya şirkətlərlə bir ortaqlıq qurmaq istədiyiniz zaman da əlverişli ola bilər.

Media dəstini necə qurmaq olar?

Siz müxtəlif formatda olan media dəstlərinə rast gələ bilərsiniz. Bəziləri media dəstində məlumatları maddə-maddə sıralayır, bəziləri isə daha cəlbedici olması üçün müxtəlif dizaynlardan istifadə edir.

İndisə gəlin uğurlu media dəsti qurmaq üçün lazım olan 7 addımla tanış olaq

1. Ümumi xülasə yazın

Məhsulunuz və ya xidmətiniz barədə məlumatları bir neçə cümlə ilə göstərin. Şirkətinizin missiyasını nümayiş etdirə və ya mövcud vəziyyətini təsvir edə bilərsiniz. Xülasənizə əlavə etmək üçün bəzi faydalı məlumatlar:

• Başlama tarixi

• Şirkətin qərargahı, şirkət ünvanı

• şirkətin ölçüsü, komanda üzvlərinin sayı

• Əlaqə məlumatları

.

2. Press-release (mətbuat şərhi): Şirkətin dönüm nöqtələrini qeyd edin

Mətbuat şərhi media üçün hazırlanan, vacib məlumatı elan edən yazılı bir sənəddir. Mətbuat şərhini şirkət elanı (yəni yenidən quruluş, genişləndirmə), məhsul elanı (yeni məhsullar, təkmilləşdirilmiş məhsullar), və ya mükafatlar üçün istifadə edə bilərsiniz. Mövcud mətbuat şərhində ən sonunculardan başlayaraq xronoloji olaraq qeyd etdiyinizə əmin olun. Bunlardan çoxdursa, sadəcə şirkətinizin missiyasına uyğun olan ən dəyərli məlumatları sadalayın.

3. Haqqında bölməsi: Bəzi əlavə məlumatları da vurğulayın

Bu hissədə xülasənizdə qeyd etmədiyiniz bəzi təfərrüatları verməlisiniz. Jurnalistlərin perspektivindən baxmaq və onlar üçün ən dəyərli və faydalı olan məlumatları daxil etmək vacibdir. Daxil edə biləcəyiniz bəzi məlumatlar:

• Şirkətiniz nə vaxt quruldu?

• Məhsulunuzun və ya xidmətinizin əsas xüsusiyyətləri nələrdir? Bazarda sizi fərqləndirən nədir?

• İnsanlara təklif etdiyiniz dəyər nədir?

4. Kütlə: Müştəri kütləniz haqqında vizual informasiya

Müştəri kütlənizdən xəbərdar olmalı və onu media dəstinizdə aydın şəkildə əks etdirməlisiniz. Məsələn, jurnalistlərin məhsulunuz haqqında yazmasını istəsəniz, aydın təsvir faydalı ola bilər. Çünki jurnalistlər kütlənizin maraqlarının oxucularına uyğun olub-olmadığını bilmək istəyəcəklər. Əgər belədirsə, işiniz barədə bir məqalə dərc etmək ehtimalı yüksəkdir. Demoqrafik göstəriciləri, yaşlarını və yaşadıqları ölkələri göstərmək üçün bəzi qrafiklərdən, diaqramlardan istifadə edə bilərsiniz.

5. Resurslar: bütün lazımı materialları əlavə edin

Jurnalistlərin sizin haqqınızda hekayə yazmaq üçün istifadə edə biləcəyi bəzi əlavə məlumatları qeyd edə bilərsiniz. Misal üçün:

Nəşrlər və mətbuat qeydləri. Şirkətinizdən vacib media kanallarında bəhs olunursa, yazı adı, yazıçı və nəşr adını bir keçid ilə birlikdə media dəstinizə qoya bilərsiniz.

Sitatlar. Dəyərinizi ən yaxşı şəkildə əks etdirən sitatlardan və ya oxucunuzun diqqətini cəlb edə biləcək sitatlardan istifadə edə bilərsiniz

6. Yüksək keyfiyyətli şəkillərdən istifadə edin

Media dəstinizin ən vacib hissələrindən biri də şəkillərdir. Şirkətinizin hekayəsini əks etdirən yüksək keyfiyyətli fotolardan istifadə etdiyinizə əmin olun. Bu görüntülər aşağıdakılar haqqında ola bilər:

• Şirkət loqosu. Sizin haqqınızda dərc etmək istəsələr, məhsulunuza və ya xidmətinizə istinad etmək üçün loqotipinizə ehtiyac olacaqdır. Loqonuzun bütün mümkün formatlarını hazırlayın (şəffaf fon və fərqli ölçülər, markanın rəngləri).

• Komanda və ya məhsul şəkilləri. Şəkillər sözlərdən daha güclü ola bilər. Son vaxtlarda çəkilmiş bir qrup şəklini əlavə edə və ya bir məhsul xüsusiyyətini sərgiləyə bilərsiniz. Vizual məlumatlar oxucuların məhsulunuzla bağlı aydın təsəvvür yaratmasına kömək edə bilər.

7. Şirkətin qurucuları haqqında qısa məlumat

Nəhayət, şirkətin yaradıcıları və ya şirkətin yaradılmasında böyük rolu olan komanda üzvləri haqqında məlumat daxil edə bilərsiniz. Qısa bir tərcümeyi-hal verin, hər şeyin necə başladığını təsvir edin. Şirkətdəki hazırkı rollarından bəhs etməyi unutmayın. Bütün məlumatların dəqiq və düzgün olduğundan əmin olun.

Nümunələr:

İndisə, bəzi real həyat nümunələrinə baxaq:

Goodreads

Bildiyiniz kimi Goodreads dünyanın ən böyük oxucu və kitab tövsiyələri saytıdır. Goodreads bir media dəsti istifadə edərək reklam verənlərin diqqətini çəkməyi bacardı.

BuzzFeed

Növbəti nümunə BuzzFeed haqqındadır.

BuzzFeed dünyada yüz milyonlarla insanı xəbər və əyləncə ilə təmin edən aparıcı müstəqil rəqəmsal media şirkətidir.

BuzzFeed-də media dəstlərinin minimal, veb əsaslı (HTML) və PDF olmayan bir versiyasını istifadə etiblər.

Daha çox nümunə ilə tanış olmaq istəyirsinizsə bura klikləyə bilərsiniz

Yekun

Bu bloqda bir media dəsti, niyə lazım olduğunu və necə yarada biləcəyiniz barədə danışdım. Media dəstinin əhəmiyyətini daha yaxşı başa düşməyiniz üçün bəzi nümunələr də əlavə etdim

Ümid edirik zövq aldınız!

IT, Product Management, Data Science & Analysis, Dizayn, Marketinq sahələrində daha çox məlumat almaq üçün icmamıza qoşulun🤓⤵️

Azerbaijani Future Ninjas

Tezliklə görüşənədək!

--

--

Azerbaijani Future Ninjas

IT, Product Management, Data Science & Analysis, Dizayn, Marketinq sahələrində daha çox məlumat almaq üçün icmamıza qoşulun ⬇️ https://cutt.ly/wbzbqDC